QARACAN  BORÇALI




 

                                                                  

Ustad deyir:



Sözlərimdə ziynətə bax, gövhəri-mərcan mənəm,

      Bakı, Dərbənd, Tiflis, Təbriz cəm Azərbaycan mənəm,                                                                                                           Sinəmdə çaylar çağlayır, sel təki coşur ürək,

                           Ümmanlara baş əyirəm, dərya Qaracan mənəm.

 

v   

 

 

Oxu vərəq-vərəq, bax sətir-sətir,

Gör nələr düşünüb, nələr anmışam.

Bəzən kəlmələrim baş-ayaq düşüb,

Bəzən söz mülkündən pərvazlanmışam.

 

 

            


GƏRAYLILAR

 

           

EYLƏ

 

Müsəlmansan, Allahına

Yön çevir, ibadət eylə!

Hər səhər, günorta, axşam

Kəlmeyi-şəhadət eylə!

 

Qanunu var şəriyyətin,

Tut yolunu həqiqətin.

Görsət millətə qeyrətin,

Hümmətinə hörmət eylə.

 

Qədərin yazısı ağır,

Kimə əvvəl, kimə axır,

Ay Qaracan, haqqı çağır,

Dür kəlamı hikmət eylə.

 

 

HALAL OLSUN

 

Cəfa çəkib, El halına

Yananlara halal olsun.

Sidq ürəklə dost adını

Ananlara halal olsun.

 

Açmayan sirrin öyünü,

Bağlayan dostluq-düyünü,

Dar ayaqda gördüyünü

Dananlara halal olsun.

 

Açıb könül kitabını,

Hər kəs tapar öz babını,

Qaracan tək hesabını

Qananlara halal olsun.

 

 

SƏBR EYLƏ

 

Bəxti üz döndərən könül,

Gələcəkdi, səbr eylə.

Ağlar qalmaz dövran belə,

Güləcəkdi, səbr eylə.

 

Kim alsa əlinə dəyənək,

Dönüb başına döyəcək.

Göz yaşını tökən fələk,

Siləcəkdi, səbr eylə.

 

Qaracan açmaz sirrini,

İncidib, yormaz sərini.

Haqla nahaqq öz yerini

Alacaqdı, səbr eylə.

 

 

ELLƏR OĞLUYAM

 

Bu ellərin oğluyam mən,

Könüllərdə ilk baharam.

Bu torpağın sinəsində

Odu sönməz ocaqlaram.

 

Bu gün kövrəlmişəm yaman,

Əhvalıma çöküb duman.

Obalardan zaman-zaman

Şadlıq, sevinc soraqlaram.

 

Duyub düşündükcə hərdən,

Nələr gəlib keçir sərdən,

Qaracanam, zirvələrdən
Boylanıram aram-aram.

 

ZARAFAT

 

Dilim, saxla söz atını,

Yükdü ömürdə zarafat.

Qol bükülər, qılınc kəsməz,

Yol verməz mərdə zarafat.

 

Şan görməz, hörmət itirər,

Qəm əkər, töhmət bitirər,

Aradan ismət götürər,

Saxlamaz pərdə zarafat.

 

Ay Qaracan, gəzmə çara,

Sağalmaz dil vuran yara,

Qoşulma boşboğazlara,

Qoyar geridə zarafat.

 

 

OLMASIN

 

Arzum budur, heç bəndənin

Süfrəsi nansız olmasın.

Məclislərmiz mey-məzəsiz,

Aşıq dövransız olmasın.

 

Yaz açıla, yaylaqlara

Karvanım düşə yollara,

Mərd igidin sabahlara

Bəxti gümansız olmasın.

 

Ay Qaracan, götür ələ,

Sədan düşsün dildən-dilə.

Ellərimə sevinc gələ,

Dərd də dərmansız olmasın.

 

 

DƏRDİN ALIM

 

Zimistanda qalıb ömrüm,

Yazım gəlmir, dərdin alım.

Kəsilib qismətim mənim,

Ruzum gəlmir, dərdin dlım.

 

Yorğun düşüb köhlən atım,

Dizimdə yoxdur taqətim.

Daha dillərdən söhbətim –

-Sözüm gəlmir, dərdin alım.

 

Ürəyə hökm eyləmək,

Gedəni yoldan əyləmək,

Açıb hər sirri söyləmək,

Lazım gəlmir, dərdin alım.

 

Yatanmıram hər qılığa,

Qalxanmıram ucalığa,

Gənclik getdi, qocalığa,

Dözüm gəlmir, dərdin alım.

 

Qaracan ahıl çağında,

Eşqi gənclik xəyalında,

Daha qocalıq yanında,

Üzüm gəlmir dərdin alım.

 

 

 

 

DÜNYA

 

Başdan-başa tamaşasan,

Yaranıbsan səhnə, dünya.

Açılmayır sirrin sənin,

Bağlayıbsan dəhnə, dünya.

 

Gəlib keçdikcə zamanlar,

Dəyişir gör neçə canlar.

Bu gün təzə yarananlar,

Sabahlara köhnə dünya.

 

Var qüdrəti yaradanın,

Hökümü dövranın, anın,

Yaranannan Qaracanın,

Gedirsən əlehnə, dünya.

 

 

QARACANAM

 

Saf arzu, xoş diləyim var,

Müqəddəs duz-çörəyim var,

Dünya qədər ürəyim var,

Adı bəlli Qaracanam.

 

Nəfsimi aza bağladım,
Ömrümü yaza bağladım,

Eşqimi saza bağladım,

Oğuz dilli Qaracanam.

 

Ləl kəlamla dolu qabam,

Dərsim verib Ozan babam.

Arxamdadı elim, obam,

Ağır elli Qaracanam.

 

 

DÜŞÜNÜRƏM

 

Gecə, gündüz, səhər, axşam

Allahımı düşünürəm.

Dərgahına sığındığım

Pənahımı düşünürəm.

 

Enməyin ucalmağı var,

Ömürün bac almağı var,

Gəncliyin qocalmağı var,

Sabahımı düşünürəm.

 

Qaracanam, yaraşmayan,

Özüm ilə barışmayan,

Yerə-göyə sığışmayan

Günahımı düşünürəm.

 

 

QARACAN  BORÇALIYAM  MƏN

 

Dədələrdən dərs almışam,

Çox elmidən halıyam mən.

Açılmamış bir kitabam,

Nə Ələsgər, Alıyam mən.

 

Məni görmək istəsəniz,

Axtarmayın ünvanmı siz,

Harada məclis görsəniz,

Bilin ki, oralıyam mən.

 

Könlüm eşqin butasında,

Xoş xəbərlər sədasında,

Sənətkarlar sırasında

Qaracan Borçalıyam mən.

 

 

MƏNİM

 

Pozulsa da düzələcək

Səliqəm, səlqarım mənim.

Ola bilməz düz gəlməsin

Gəlirim, şıxarım mənim.

 

Səbir dünyam gen olacaq,

Ürək açan gün olacaq.

Mən kiməmsə, mən olacaq

Vüqarım, İlqarım mənim.

 

El tanıyır Qaracanam,

Eşq əhliyəm, yara canam.

Əgər görsən yarı canam,

Dayağım ol, yarım mənim.

 

 

NEÇƏ ELDƏ, MAHALDAYAM

 

Sazım, mənə yol açıbsan,

Göz açandan bu yoldayam.

Mizrab məni dilləndirir,

Pərdə-pərdə xəyaldayam.

 

Çox hardadır, azdan soruş,

Bənövşəni yazdan soruş,

Ünvanımı sazdan soruş,

Neçə eldə, mahaldayam.

 

Ay Qaracan, bülbül kimi

Oxusun qəlbinin simi.

Dostlar soranda kefimi,

Sazım, sən de, nə haldayam!

 

 

BALA-BALA

 

                        Anam Töhvəyə

 

Keçəcəkdir aylar, illər

Üstümüzdən bala-bala.

Desin, gülsün ana, dillər

Bizi yada sala-sala.

 

Gələr ömrümün baharı,

Gedər könlümün qubarı,

Görünür dağların qarı

Gözlərimə tala-tala.

 

Aydır, gündür keçirərik,

Sağlıq olsun, görüşərik!

Bir deyərik, bir gülərik

Qaracan saz çala-çala.

 

                                   1967, hərbidə.

 

 

CEYRANIM

 

Sən şöləsən, mən başına

Dolananam, a ceyranım.

Səməndər tək atəşinə

Qalananam, a ceyranım.

 

Xoş ətirin əsdi mənə,

Gözlərinin şəsdi mənə,

Bircə baxış bəsdi mənə,

Dərd qananam, a ceyranım.

 

Gecələrin nur işığı,

Ellərin ozan aşığı,

Məclislərin yaraşığı

Qaracanam,a ceyranım!

 

 

DAĞLAR

 

Nə gələn var, nə bir gedən,

Bağlanıbdı yolun, dağlar.

Zirvələrnə qar ələnir,

Dərələrnə dolun, dağlar.

 

Gedər bu müşgül halların,

Gələr karvan qatarların,

İnşallah, gülər baharın,

Açar qönçə gülün, dağlar.

 

Kini ürəyindən silib,

Müqəddəs səcdəgah bilib,

Sənə ziyarətə gəlib

Qaracan tək qulun, dağlar.

 

 

NƏVƏM AYLAYA

 

Telin ipək, özün ürək,

Zülflərin şəlalə balam.

Beşiyin nur, yuxun şirin,

Anan çalsın layla balam.

 

Ətirin dağlar lalası,

Nəfəsin dərdlər çarası,

Camalın günəş parası,

Gözlərin piyala balam.

 

Qızların bir dənəsisən,

Qaracanın nəvəsisən.

Sabahların nənəsisən,

Ay mənim gül Ayla balam.

 

                                               15.11.2009

 

 

BƏNÖVŞƏ

 

Boyun bükmə qəm baxışla,

Din ahəstə, ay bənövşə,

Mən də dərddən gileyliyəm,

Oldum xəstə, ay bənövşə.

 

Fərağını elə yaydın,

Kaş ki, səni olmayaydın,

Kol dibindən yol salaydın

Sinəm üstən, ay bənövşə.

 

Süzdürüb mavi gözləri,

Keçmişdən qaytar izləri,

Qaracanın dür sözləri

Ələm bəstə, ay bənövşə.

 

 

QOCALDIM

 

Gəzərdim köhlən belində,

Qaldım piyada qocaldım.

Keçirdiyim xoş günləri

Saldıqca yada, qocaldım.

 

Şah mülkümə şah gələrdim,

Qış ömrümü yaz bilərdim.

Əsa alıb qoca dərdim,

Xal düşdü ada, qocaldım.

 

Məndəkini bilirdim mən,

Hər dərdləri sinirdim mən,

Çoxlarına gülürdüm mən,

Qaldım ah-vayda qocaldım.

 

Keçirdim cavan vaxtımı,

İtirdim qızıl taxtımı.

Taleyim yatan bəxtimi,

Bəlkə, oyada, qocaldım.

 

Üzdü məni qəza-qədər,

Ay Qaracan, küsmə hədər.

Aydı-gündü  gələr, gedər,

Belədi qayda, qocaldım.

 

 

GÖSTƏRMƏ MƏNƏ

 

Yaxşılığa yamanlığı

Edəni göstərmə mənə.

Bəd əməllərin dalınca

Gedəni göstərmə mənə.

 

Qanmaz görsəm, qanan ollam,

Dərdli görsəm, dərman ollam.

Dəli görsəm, səcdə qıllam,

Gədəni göstərmə mənə.

 

Qaracan çağlar təbini,

Saxlayar elin dəbini,

Dost olub, onun cibini,

Güdəni göstərmə mənə.

 

 

HƏYAT YOLDAŞIM BALLI XANIMA

 

Dağların seyrinə çıxaq,

Adın düşsün dilə, Ballı.

Gəl görüşək, qoy desinlər

Bülbül qonub gülə, Ballı.

 

Lalə, nərgizdən dəribsən,

Sinəmin üstə səribsən.

Güldən, çiçəkdən zərifsən,

Bənzətmərəm gülə, Ballı.

 

Qaracanın zatı, əsli

Gözdə gülsün bahar fəsli.

Biz olsaq da Kərəm, Əsli,

Can dönməsin külə, Ballı.

 

                                               1972

 

 

MƏNİM

 

Sel də gəlsə yara bilməz

Bərkdi bərəm-bəndim mənim.

Heç vaxt məndən aralanmaz,

Elim, Obam, Kəndim mənim.

 

Meydanlarda mərd durmuşam,

Vurmuşam, vurulmamışam,

Hələ ki, yorulmamışam,

Cəld işləyir fəndim mənim.

 

Qaracanam, elmi sirrəm,

Dəryada gövhər gəzirəm,

Teli-teldən tən seçirəm,

Aldatmayır zəndim mənim.

 

 

QARAÇI

 

Talehindən gileylənib

İncimə bəxtdən, qaraçı.

Səninki belə yazılıb,

Yaranan vaxtdan, qaraçı.

 

Ayrılmaz taylı-tayından,

Qane ol kimsə payından,

Sənin bu hay-harayından,

Oldum qulaxdan, qaraçı.

 

Qaracanı alıb ələ,

Yaş axıtma gilə-gilə,

Əl aç sidq ürəklə dilə,

Qisməti haxdan qaraçı.

 

 

BELƏLƏRİ    VAR

 

Ad qazanıb, baş ucaldan,

Adı eldə batan da var.

Qeyrətsiz ömür qocaldan,

Şərəflə boy atan da var.

 

Beyqeyrətin, görən nədən?

Başını saxlayır bədən.

Asıb papağnı hərmədən,

Yaylıq altda yatan da var.

 

Kimsəyə yoxdur möhtacı,

Gəl ona baxma qıyqacı,

Əyilməz vüqarlı tacı,

Qaracan tək Sultan da var.

 

 

QONDARMA AŞIQLARA

 

Dedilər ki, aşıq gərək

Məclislər oxşayan olsun.

Demədilər küçələrdə

Qapıları sayan olsun.

 

Aşıqsansa məğrur dayan,

Mətin dursun sənət dünyan,

Ay sənəti anlamayan,

Üzündə bir həyan olsun.

 

Görməyən ustad kamalı,

Olmaz sənətindən halı,

Yarat, Qaracan Borçalı,

Nəsillərə bəyan olsun.

 

 

OLA

 

Doğrasa  da of  demərəm,

Ərzi halım mərdə ola.

Vay o gündən dost dəyişə,

Sirr-sözü namərdə ola.

 

Kişi gərək irişməyə,

Yanqır olub dəyişməyə,

Əyalında deyişməyə,

Aralıqda pərdə ola.

 

Ay Qaracan susdun, neçin?

Sızlayırsan  için-için,

Arzulara çatmaq üçün,

Ağıl gərək sərdə ola.

 

 

KÖNLÜNDƏ-KÖNLÜNDƏ

 

Qaş altında süzən gözəl,

Nə var könlündə-könlündə?

Məni məndən üzən gözəl,

Nə var könlündə-könlündə?

 

Alıbsan güllər dəstinə,

Qurbanam gözün şəsdinə,

Durubsan canım qəsdinə,

Nə var könlündə-könlündə?

 

Qaracan haqqına quldu,

Tanrı yazan doğru yoldu,

İndi mənə aydın oldu

Nə var könlündə-könlündə.

 

 

AŞIQ VƏ BÜLBÜL

 

Bülbül, tər gül mənim də var,

Mənmi sənəm, sənmi mənsən?

Sən çəkən qəm məndə də var,

Az sızılda, az inlə sən!

 

Köklənmişik zil-qəm üstə,

Oxuyuruq hey ahəstə.

Yuva qurmuşuq qəfəsdə,

Qəmdaşıq, hər yetənmisən.

 

Birdi ələm-fəqanımız,

Həm ünümüz-üsyanımız.

Bir yaranıb bu dünyamız,

Qaracanın həmdəmisən.

 

 

ETİBARSIZ

 

Sevib, seçib bəyəndiyim,

Niyə oldun etibarsız?

Bir quş olub yad bağına

Niyə qondun, etibarsız?

 

Mətləb qansa yar-yarından,

Şirindi dünya varından.

Bəs verdiyin ilqarından

Niyə döndün, etibarsız?

 

Qaracanam, Kərəm demə,

Eşqin məni əydi qəmə.

Bir dərd olub ürəyimə

Niyə doldun, etibarsız?

 

 

BALASAN

 

Vəfa Tofiqqızına

 

Tanrı səni tək yaradıb,

Gözləri göyçək balasan.

İpək tellərin qurbanı,

Yanağı ləçək balasan.

 

Gözlərin incidir, inci,

Qəlbinin boldur sevinci.

Evdə, eşikdə birinci,

Eldə ağbirçək balasan.

 

Qaracan tərifin eylər,

Tamaşana durar ellər.

Səndən uzaq əssin yellər,

Çəməndə çiçək  balasan.

 

 

OLA

 

Məhəbbət o kəsdədir ki,

Könlünü verməmiş ola.

Qəlbini verdiyi kimsə

Sevdanı bilməmiş ola.

 

Yar ola yarını anan,

Can ola canında yanan,

Nolaydı sevdiyin sonan

Özgəni sevməmiş ola.

 

Yar doymaz yar dodağından,

Bülbül də gül budağından.

Qaracan tək tər bağından

Cüt narı dərməmiş ola.

           

                                               1965

 

 

TƏRGİ  MEY

 

Çox peşmanam, bir zamanlar

Mey, səninlə “dost” olmuşam.

Nahaq yerə “peyman”ına,

“İlqar”ına  inanmışam.

 

Aldım ələ badələri,

Hədər keçirdim günləri.

Biz həmdəm olandan bəri,

Nə tapıb, nə qazanmışam.

 

Kişi gərək hər bir sində

Ayıq olsun ailəsində.

Qaracanam vədəsində

Qəfilətdən oyanmışam.

 

 

YAXŞIDIR

 

Hər bir sözü, hər kəlməni

Düşünsən, öncə yaxşıdı.

Yersiz-yersiz danışmaqdan,

Dinləsən, məncə yaxşıdı.

 

Səfası var hər çağında,

Aranında, yaylağında.

Azərbaycan torpağında

Gəzməyə Gəncə yaxşıdı.

 

Qaracan söyləyər sərdən,

Dərsin alıb Dədələrdən.

Nadanlardan, gədələrdən

Dolansan gencə  yaxşıdır.

 

 

MEHRİBANIM

 

Hər zaman sənin adını

Anan mənəm Mehribanım.

Bülbül olub budağına

Qonan mənəm, Mehribanım.

 

Qoşa xallar naxışından,

Xumar gözlər axışından.

Mətləbini baxışından

Qanan mənəm, Mehribanım.

 

Qaracan Məncnun dağında,

Gəzir Leyli sorağında,

Eşqinin şam-çırağında

Yanan mənəm, Mehribanım.

 

 

MƏNİ

 

Etibarsız, fani dünya,

Etdin bəxti qara məni.

Bir insafsız dərd verənim

Gətiribdi zara məni.

 

Urcah oldum bağrıqana,

Qoyub məni yana-yana.

Zalım girir dondan-dona,

Yaman salıb tora məni.

 

Ah-vay edən Qaracanam,

Dərdimi kimə açanam,

Haram var, hara qaçanam,

Tez çəkdirə dara məni.

 

 

 

ÜMÜDİMDƏN   QIRDI   MƏNİ

 

Nagahdan bir mələk donlu

Öz dünyamdan aldı məni.

Bir könlümə min ox atdı,

Kəməndinə saldı məni.

 

Apardı əqlimi əzəl,

Gül istədim, verdi xəzəl.

Dedim gəl dost olaq, gözəl,

Şahmar kimi çaldı məni.

 

Qaracan olmazmı heyran,

Görməmişdim belə ceyran.

Sevdasına sərdim guman,

Ümüdimdən  qırdı məni.

 

 

MƏNƏ

 

Vəfalı dost, haqdan gəlib,

Bu hökmü fərmandı mənə.

Gəl, üz vurma götürmərəm,

Biləm ki, dərmandı mənə.

 

Üz döndərəndən bəridi

Ürəyimdən daş əridi,

Elə bilmə ötəridi,

Demə ki, gümandı mənə.

 

Qaracanam, var günahım,

Pasibanım, bir Allahım,

İndən belə səcdəgahım,

Müqəddəs Qurandı mənə.

 

 

ZİNƏTİ TAC OLAN MƏNƏM

 

Sənətinin metdanından

Mərdanə bac alan mənəm.

Ömürünün zirvəsinə

Şərəflə ucalan mənəm.

 

Eşq odu təki sönməyən,

Dağdan alçağa enməyən,

Yolundan geri dönməyən,

İnadı öc olan mənəm.

 

Gözüm yoxdur tamahından,

Dünyanın dövlət varından,

Tükənməz arzularından

Doymayan, ac olan mənəm.

 

Çıxanın imandan, dindən,

Haqq saxlasın əməlindən.

Ağlını qanmaz əlindən

İtirib, gic olan mənəm.

 

Qaracan anlar yerində,

İncilər gəzər dərində,

Dünyanın qeyrət sərində,

Zinəti tac olan mənəm.

 

 

MƏNƏM

 

Bu sevdanın dəryasında

İlhamımla üzən mənəm.

Pərvaz edib səmalarda

Yorğun-yorğun süzən mənəm.

 

Qoymaz yerə kürəyini,

Qırmaz ümid dirəyini.

İnsanların ürəyini

Bir baxışla sezən mənəm.

 

Nələr gəlməyib başıma,

Zəhər qatıblar aşıma.

Baxmayıblar göz yaşıma

Neçə dərdə dözən mənəm.

 

Dağ çəkibdi qəm sinəmə,

Kədər olub cəm sinəmə,

Sazımdı həmdəm sinəmə,

Aşıq mənəm, ozan mənəm.

 

Hər məqamın var qiyməti,

Hər eşqin öz təravəti.

Qaracanam, həqiqəti

Doğru, düzgün yazan mənəm.

 

 

CEYRAN

 

Oğrun-oğrun süzüb məni,

Nə çəkirsən dara, ceyran?

Sızıldayan yaram üsdə

Sən də vurdun yara, ceyran.

 

Məni saldın haldan-hala,

Necə dözüm bu məlala?

İnsafdımı həsrət qala

Əllərim şux nara, ceyran?

 

Al yanaqlı, xətti-xallı,

Şux baxışlı, ləbi ballı,

Tər buxaqlı, gül yanaqlı,

Söylə gedim hara, ceyran?

 

Ver payımı dil-dodaqdan,

Yandırıb-yaxma uzaqdan.

Yollarına boylanmaqdan

Oldum bəxti qara, ceyran!

 

Qaracan qurban boyuna,

Həsrətəm cənnət qoynuna.

Qolum qulacdı boynuna,

Səndə tapdım çara, ceyran!

 

 

BORÇALININ XRAM ÇAYINA

 

Həsrətinlə yaşayıram,

Doymamışam Xram, sənnən,

Qəlbimdəsən, baxmayaraq

Uzaq düşüb aram sənnən.

 

Qəlbimdə çağlayan çayım,

Qucağında yurd alayım,

Sən oldun ana laylayım,

Bir də beşik quram sənnən.

 

Qəm, kədərim sevinc qapdı,

Ürəklərə könül yapdı,

Qüdrətinlə şəfa tapdı,

Sağalmayan yaram sənnən.

 

 

İllərlə pozulmaz aran,

Dar ayaqda dayaq duran,

Bir sinədə qoşa vuran,

Dost ürəkli Kürəm sənnən.

 

Qaracanam, el dolaşan,

Söz mülkümdü aşıb-daşan,

Sən çağlayan, mən də çoşan,

Axıra dək varam sənnən.

 

 

OLDU

 

Ərənlərin ətəyindən

Tutan əllər yetən oldu.

Kürənlərin yedəyinnən

Gedənlər də itən oldu.

 

Qismətin Tanrı yazandı,

Yıxılan, dərin qazandı,

Haramxor atlas qazandı,

Geyindiyi kətan oldu.

 

Bax, bunlardı alan şöhrət,

Halal nemət, əsil züryət,

Qeyrət, qüdrət, bir mərifət,

Qalan hər şey ötən oldu.

 

Gələnlər kəsdi ayağı,

Görünmür məclis yığnağı,

Heyif sənə mərd ocağı,

Yurdda qalan şötən oldu.

 

Keçdikcə ömürdən illər,

Üzülür əllərdən əllər.

Ay Qaracan, qürbət ellər,

Axır sənə Vətən oldu.

 

 

MƏN  BORÇALI  BALASIYAM

 

Oğuzların qədim yurdu,

Babalarım mənzil yordu,

Bu ömür uzanan yoldu,

Əsirləri naləsiyəm,

Mən Borçalı balasıyam.

 

Bu yerlərdə şair Nəbi

Şeir dedi, coşdu təbi.

Gəldi sazın, sözün dəbi,

Eldən ilham alasıyam,

Mən Borçalı balasıyam.

 

Könlüm niyə həvəssizdi?

Xındı Məmməd əvəzsizdi!

Deməsinlər nəvəsizdi,

Ozanların nəvəsiyəm,

Mən Borçalı balasıyam.

 

Əmrah bir könül çırağı,

Şəyirdləri solu, sağı,

Dünya bizə qəm oylağı,

Ürəklərə damasıyam,

Mən Borçalı balasıyam.

 

Tükənməzdi mənim yazım,

Yurd həsrətli xoş avazım,

Dillən görüm, telli sazım!

Hələ səni çalasıyam,

Mən Borçalı balasıyam.

 

Qaracanam, yaman yerdə

Dərdim oldu pərdə-pərdə,

Köhlənimin zirvələrdə

Yalmanına yatasıyam,

Mən Borçalı balasıyam.

 

 

GƏLİR

 

(ŞİRİN XATİRƏLƏR)

 

Əzizim, hərdən yadıma

Gördüyüm günlərim gəlir.

Ömürümdən gülüb keçən

Uşaqlıq illərim gəlir.

 

Günəş açanda səhəri,

Minib çapardım kəhəri.

Gənclərin görüş yerləri

Şır-şır bulaqlarım gəlir.

 

Gecəsi-gündüzü toylu,

Cavanları şümşət boylu,

Kəndimizin palçıq yolu,

Çardaqlı damlarım gəlir.

 

Qırqovul təki səkdiyim,

Hərdən qayğılar çəkdiyim,

Köksündə güllər əkdiyim,

Növrəstə çağlarım gəlir.

 

Üzlü qatığın ovduğu,

Boylu “Qulancar”ın zoğu,

Qoca palıdın oyuğu,

Çətir budaqlarım gəlir.

 

Gecələr əlimdə yaraq,

Bərələrdə durdum sayaq,

“Mal binəsi”, “Güllü yaylaq”,

Yurdum, oymaqlarım gəlir.

 

Qaracan, gəzmə qürbəti,

Göynədib əymə qaməti,

Özü gül, sözü şərbəti,

Əhdə vəfadarım gəlir.

 

 

DAĞLAR

 

Səni gördüm, xəyalımdan

Nələr keçdi, nələr, dağlar.

Ahu kimi dərd sinəmdə

Mələr, dağlar, mələr dağlar.

 

Hər görəndə sərvinazı,

Ürəyim eylər pərvazı.

Saf eşqimin gur avazı,

Daş-qayanı dələr, dağlar.

 

Zirvələrin ağ zolaqlı,

Quzeylərin buz bulaqlı,

Güneylərin göy yaylaqlı,

Gül üzlərə güllər, dağlar.

 

Gördüm mərdlər davasını,

Çəkdim eşqin cəfasını,

Xəstə könlüm səfasını

Gəlib səndən alar, dağlar.

 

Diz qoymuşam bulağına,

Söz qoşmuşam oylağına,

Bahar çağı yaylağına

Ağır ellər gələr, dağlar.

 

Qoymaram ki, çöksün sükut,

Dərdi, qəmi bəsdi unut,

Yağışını ötən bulud,

Saçlarıma ələr dağlar.

 

Qayalar alçaq-ucalı,

Zirvələr çətin qocalı,

Aşıq Qaracan Borçalı

Səndən ümid dilər, dağlar.

 

 

DOSTUM ƏHMƏDXANA

 

Ay Əhmədxan, dövrümüzün

Ön çağları yadındamı?

Kəndimizin at oynadan

Qoçaxları yadındamı?

 

Ayaq çarıx, papaq dəri,

Otarardıq sürüləri,

Atamızın yurd yerləri,

Yataqları yadındamı?

 

“Babəkər”dən kəndə sarı,

Yol gəlirdik gecə yarı,

Ağbabanın çobanları,

“Parax”ları* yadındamı?

 

Zirvəsi qarlı qılıcın,

Yaşıl çəmənli yamacın,

“Oy dərə”si, “Qara xaç”ın

Yaylaqları yadındamı?

 

Məktəbli, şən dostlarımız,

Kiçik sinif otaqlarmız,

Balağı gen şalvarımız,

Yamaxları yadındamı?

 

Eçqinə qul olduğunun,

Oduna kül olduğunun,

Bir qara pul olduğunun,

Yanaqları yadındamı?

 

Əməyini müəllimlərin,

İtirsək, tökülər irin.

Hərdən Qurbanov Sabirin

Şallaxları yadındamı?

 

Gecələr qarda, boranda

Cəhlimdə tonqal çatanda,

Qaracanla küst tutanda

Badaxları yadındamı?

 

________

Parax – itlərə nişanədir

 

 

SÜNNƏT TOYUNDA

 

Tanrıdan qismətim, oğul,

Mübarək, toyun mübarək!

Dövranım, davamım oğul,

Mübarək toyun, mübarək!

 

Elimizin var adəti,

Haqq önündə ibadəti,

Peyğəmbərin şəriyyəti,

Mübarək toyun, mübarək!

 

Adəti-iman eylədik,

Könül şadiman eylədik,

Sizi müsəlman eylədik,

Mübarək toyun, mübarək.

 

Kəsərəm qurban qoyunu,

Bəslərəm göyçək boyunu,

İnşallah, böyük toyunu

Mübarək toyun, mübarək.

 

DOSTUM VƏLİ ƏSGƏR OĞLUNA

 

Şagird-gənclik illərimiz,

Yadındadımı ay Vəli.

O vaxtdan qoyulub bizim,

Dostluğmuzun ilk təməli.

 

Xalqın xeyir duasısan,

Mərd kişinin övladısan,

Elin müdrik balasısan,

Arxanda durub Təkəli.

 

Qaracan  ürəkdən desin,

Xoş dövranların görünsün,

Həyatın gülə bürünsün,

Əsməsin payız xəzəli.

 

BAX

 

Aç gözünü ay çərənçi,

Məndəki  səbirə bir bax.

Özgə gözdə tel gəzirsən,

Öz gözündə tirə bir bax.

 

Kimsə sənlə uya bilmir,

Ürəyini duya bilmir,

Yeddi  dəniz yuya bilmər,

Qəlbindəki kirə bir bax.

 

Vardı həyatın qanunu,

Geyibsən iblis donunu,

Görmürsən ömrün sonunu,

Mizana, Minkirə bir bax.

 

Sərçə kimi cikkildəmə,

Çəpiş kimi məkkildəmə,

Qodux kimi kəkkildəmə,

Nəriıldəyən şirə bir bax.

 

Qurubsan şeytan tasını,

Tutubsan bayquş yasını,

Çıxart tülkü libasını,

Aslana, bəbirə bir bax.

 

Güc verilib taqətimə,

Sənətimə, səadətimə,

Gəlirlər ziyarətimə,

Qaracan tək pirə bir bax.

 

 

 

DAĞLAR

 

Bulaq üstə qatar, qatar,

Çadır binələrin dağlar,

Yayılıbdı yaylaqlara,

Çoban sürülərin, dağlar.

 

 

Qartallar zirvə dolaşır,

Əmlik quzular mələşir,

Cövlan eyləyib kişnəşir,

Köhlən bədöylərin dağlar.

 

Aslanların nərəsində,

Maralların bərəsində,

Qaracanın sinəsində,

Çağlayır sellərin, dağlar.

 

 

 

AĞRIN ALIM

 

Gəl soruşma “neyniyirsən”,

Neyniyəjəm, ağrın alım!

O dağlardan gəldim daha

Neyniyəjəm, ağrın alım!

 

Haqq yolunda şər əlləşir,

Pələngnən xər* əlləşir.

Bəxtim özümlə güləşir,

Neyniyəjəm, ağrın alım!

 

Var dilimdə elmi-kəlam,

Keçən günlər yada sallam,

Qaracandan sizə salam,

Neyniyəjəm, ağrın alım!

 

____________

 

Xər – uzunqulaq.

 

 

 

 

 

 

 

                        QOŞMALAR

 

AŞIQ ƏLƏSGƏRƏ

 

Sənət dünyasının qızıl taxtının

Əyləşib üstündə tac alan ustad.

Gahdan Kərəm kimi odlanıb yanan,

Gahdan Koroğlu tək bac alan Ustad.

 

Coşqun təbin odlu, eşqin qanadlı,

Kamil sənətkarsan sədalı, adlı,

Barmaqlar sehirli avazın dadlı,

İlhamı günəşdən güc alan Ustad.

 

Çox gəndin öyəni yordun meydanda,

Sənəti yaşatdın ilikdə, qanda,

Yayda yaylaxlarda, qışda aranda

İxtiyar çağında dinc alan  Ustad!

 

Çıxdınız dağların dar yoxuşunu,

Tanrı sizə verdi şahlıq quşunu.

Açıb sinəsinin gen ağuşunu

Qorqud qollarında qucalan Ustad.

 

Qaracanam, mən də yetdim murada,

Səcdə qılıb baş əyirəm Ustada.

Sənət zirvəsinə bu böyük ada,

Qalxıb zaman-zaman ucalan Ustad.

 

 

SÖZ DE, SÖZ OLSUN

 

Kəlmə hecalayıb qafiyə gəzmə,

Qüdrətin vardırsa söz de, söz olsun.

Üç günə, beş günə unudulmasın,

Hər sözün dillərdə alov, köz olsun.

 

Dədəm Qorqud böldü hikməti pay-pay,

Qurbani sehrindən bədirləndi Ay,

Ələsgər sözünnən ucaltdı saray,

Ustadlar yanında üzümüz olsun.

 

Zərgər məqsədinə çatarsa, gözəl,

Sənət yadigarı gəzəcək əl-əl,

Qaracan, tələsmə, fikirləş əzəl,

Fikrin aydın olsun, sözün düz olsun.

 

 

GƏRƏK

 

Taledən qismətin, payın olanda

Onu vədəsində yeyəsən gərək.

Ürək coşa gəlib, sinə dolanda

Kəlməni yerində deyəsən gərək.

 

Böləsən dost ilə dərdi-sərini,

Biləsən məclisdə sözün yerini.

Anlayıb, düşünüb xeyir, şərini,

Bar verdin, başını əyəsən gərək.

 

Qaracan, od ola ürəkdə, canda,

Eşqi yaşadasan ilikdə, qanda.

Düşmənin qılıncı kəskin olanda

Paltarı poladdan geyəsən gərək.

 

 

 

AĞRIMA  ÜRƏYİM, AĞARMA  SAÇIM

 

Dünyanın dəm yükü, qəm karvanı var,

Ağrıma  ürəyim, ağarma  saçım.

Hər insan ömrünün bir dövranı var,

Ağrıma  ürəyim, ağarma  saçım.

 

Demə tale sönüb, ömür yorubdu,

Zaman dönüb, dövran yara vurubdu.

Neçə yaraların dildən olubdu,

Ağrıma, ürəyim, ağarma, saçım.

 

Ay Qaracan, çəkmə dərdi-qəm, kədər,

İxtiyar ömrünü eyləmə hədər.

Dünya belə gəlib, belə də gedər

Ağrıma, ürəyim, ağarma, saçım.

 

 

NƏ QALDI

 

                        Aşıq Alının “Nə qaldı” rədifli qoşmasına nəzirə

 

Kəlamına qurban, ay aşıq Alı,

Olanı sən dedin, bizə nə qaldı?

Beyinlər düşündü, ayaq yeridi,

Mənzil başa çatdı, izə nə qaldı?

 

Dolandı fəsillər, köçdü nəsillər,

Sökdü yaş bürcünü ömürdən illər.

Dağıldı bərələr, yeridi sellər,

Çökdü zirvələrim, düzə nə qaldı?

 

Xəyalım dünyanı gəzdi, dolaşdı.

Sonsuz arzularım kükrədi, daşdı.

Ay Qracan, ömür əllini aşdı,

Ağardı saqqalın, üzə nə qaldı?

 

 

TƏKƏLİ  SEİD SUCAYA 

 

Ağır bir mahalın ağsaqqalısız,

Sizə hörmətim var ay Suca müəllim!

Mömin bəndələrin qibləgahısız,

Adınız hər yerdə var uca müəllim.

 

 

Seid Həşim babam Dədəmdi  mənim,

Hikmət nəsihəti tövbəmdi mənim,

Yurdu Səcdəgahım,   Kəbəmdi mənim,

Getmərəm Məkkəyə, Meraca müəllim.

 

Səcdə ziyarətim var yaradana,

Gündə baş əyirəm, Haqqı Qurana,

Müqəddəs ocağa müdrik insana,

Hələ borcludu Qaracan, müəllim.

 

 

ELOĞLUM  ADİL ƏMCƏN OĞLUNA

 

Sən bizim elmizin fəxri oğlusan,

Elin qüdrətindən güc aldın,Adil!

Məram tutdun məqsədinə yetişdin,

Dönmədin geriyə öc oldun, Adil!

 

 

Çox qılınclar öz qınına çəkili,

Çoxlarının gözdə qaldı şəkili,

Çoxdan olmalıydın millət vəkili.

Təəssüf, bir balaca gec oldun , Adil.

 

El üçün düşündün,yaratdın, qurdun,

Elə arxalandın, yolunda durdun,

Məzluma əl tutdun, yağını vurdun,

Şərəflə bir ömrü qocaldın, Adil.

 

 

ŞƏYİRDLIƏRİMİN SUALLARINA CAVAB

 

Məndən soruşursuz; - çox sevdiyiniz,

Hansı aşıq, hansı şair olubdur?

Əvvəla deyim ki; -Şairlik eldən,

Aşıqlıq Adəmə Haqqdan gəlibdir.

 

Sənət meydanına çoxları gələr,

Tab gətirə bilməyən tərk edib gedər,

Mənim ürəyimdə, aşıq Ələsgər,

Vurğun Səməd xüsusi yer tutubdur.

 

Dadı olmaz meyvələrin kalının,

Yeri məlum Qul Abbasın, Alının,

Sinəsində Qaracan Borçalının,

Çeşmələr qaynayıb, ümman yatıbdı.

 

 

 

 

 

VARIYMIŞ

 

Ömrümüzdən gəlib keçən günlərin

Həm qarası, həm də ağı varıymış.

Kiminin üzünü ağ gün ağardıb,

Kiminin sinədə dağı varıymış.

 

Adam var qılıncdan kəskindir sözü,

Sönməyir sinədə atəşi, közü.

Kiminin çiçəyə həsrətdir gözü,

Kiminin bağçası, bağı varıymış.

 

Tanı, ay Qaracan, yaxını, yadı,

Qoru ömür boyu şərəfi, adı,

Kiminin aşında dünyanın dadı,

Kiminin aşında ağı varıymış.

 

 

TELLƏR

 

“Cəngi”nin üstündə meydan qızanda

Mən səni bənzətdim aslana, tellər.

Sən mənim qəlbimsən, qəlbi, ürəyi

Qoymaram nəm çəkə, paslana, tellər!

 

Məni məhəbbətə, həyata bağla,

Çay kimi harayla, sel kimi çağla.

Demirəm dərdə düş, demirəm ağla,

Nə çıxar fikirdən, yasdan, a tellər!

 

Duymaz o naləni hər yetən gədə,

Qəlbinə xal salar, könlünə zədə.

Qaracan, əl vurub dindirən vədə

Yazar tərifini dastana tellər.

 

 

YERİNDƏDİ

 

“Çoxdandı gəlmirəm bu dağlara mən,

Dərə yerindədi, düz yerindədi”

                                               Əvəz Lələdağ

 

Gördüyün yaylaqlar,Əvəz Lələdağ,

Əzəl qaydasında, öz yerindədi.

Kəsilmir yığnağı gur bulaqların,

Ocaq yerindədi, köz yerindədi.

 

Gəl, bizim dağlarda dövrana bir bax,

Atlanır igidlər, cövlana bir bax,

Gözəllər çıxanda seyrana bir bax,

İşvə yerindədi, naz yerindədi.

 

Yaradan xəlq edib belə cənnəti,

Gözləri güldürür gül təravəti,

Qaracanın Tanrı verən qisməti,

Avaz yerindədi, saz yerindədi.

 

 

 

 

MƏN

 

            Kosalı Zülfüqar müəllimin evində

 

Çəkilmir dumanım, çənim, çiskinim,

Uca dağ başında boran, qaram mən.

Sellərə qovuşan çaylar kimiyəm,

Göz yaşı çağlayan bulaqlaram mən.

 

Sultan, Xan deyiləm taxtımda yatam,

Əhdim var səsimi səslərə qatam,

Sizin  eldən olub  rəhmətlik atam,

Kosalı İsadan yadigaram mən.

 

Qaracanam, gördüm cahanda nələr,

Ömrümdən bac alır lal qərinələr,

Dədələr qədrini dədələr bilər,

Yollar ayrıcında çıraqlaram mən.

 

                                   Bakı, 1997-ci il

 

ELƏ BİL BU  KƏNDDƏ

YAŞAMAMIŞAM

 

Nə gördüyüm qalıb, nə qoyduğum iz,

Elə bil bu kənddə yaşamamışam.

Mənmi dəyişmişəm, yoxsa kəndimiz,

Elə bil bu kənddə yaşamamışam.

 

Bir qalaydı Həsən bəyin binası,

Nəsil babaların məktəbxanası,

Əgər ki, mən qoyanmasam mirası,

Elə bil bu kənddə yaşamamışam.

 

Qaracanam, dərdim bölə bilmirəm,

Beyqeyrət əlindən ölə bilmirəm,

Öz ata yurduma gələ bilmirəm,

Elə bil bu kənddə yaşamamışam.

 

 

ÇOBAN ƏMİ

 

                        Başkeçid dağlarında bir çoban məndən

                        mərhum atamı xəbər alanda

 

Sinəmdə dağ yolu, aran yolu var,

Ürəyi dağlıyam, ay çoban əmi!

Yoxdu ürək dostum, könül sirdaşım,

Dil deyib ağlayam, ay çoban əmi!

 

Göylərə dayanıb ahım-amanım,

Çəkilib qəlbimdən dinim, imanım,

Hanı dərd bilənim, hanı loğmanım,

Amanlı, ahlıyam, ay çoban əmi!

 

Ay Qaracan, belə yazdı yaradan,

Seçənmədim mən bu ağı qaradan,

Köçdü çoban İsa, getdi aradan,

Mən onun oğluyam, ay çoban əmi!

 

 

HEYİF

 

Əl tutdum, qəlb açdım, könül güldürdüm,

Demədim çoxuma, azıma heyif.

Ləyaqətsiz şərəfsizlər yolunda

Canımı üzmüşəm, özümə heyif.

 

Allahsız bir yerdə, böyüksüz evdə

Xəcalət çəkərmiş nur dədələr də.

Gəda yığnağında, mərəkələrdə

Ləl tək söhbətimə, sözümə heyif.

 

Qaracanam, bunlarıymış gördüyüm,

Dərd eviymiş zəhmətimlə hördüyüm.

Qədirsizə əllərimlə verdiyim

Halal çörəyimə, duzuma heyif.

 

 

 

OLACAQDIR

 

Düşmə biyabana, divanə könlüm,

Demə dünya hər vaxt var olacaqdır.

Bir gülün ki, qayğısını çəkməsən,

Əlbəttə, üstündə xar olacaqdır.

 

Vaxtında bürünər dağlar qarına,

El-oba varına, bağlar barına,

İnanma dünyanın etibarına,

Axirət mənzili gor olacaqdır.

 

Yaş tökür gözlərim hey narın-narın,

Quluyam düz əhdin, düz etibarın,

Qaracan, qəm yemə, bivəfa yarın

Ömrü-günü ahu-zar olacaqdır.

 

 

SAZIM

 

                        25 noyabr 2000-ci il tarixində

                        baş verən zəlzələdə sazımın divardan

                        döşəməyə düşüb sındığını görəndə

 

Səni belə görmək inan ki, mənim

Gəlməzdi eynimə, a telli sazım.

Ürəyimdən qopdu sınan tellərin,

Gəl, alım qoynuma, a telli sazım.

 

Bu nə dərddir, dərdim üstə qaladın,

Qəm odunu kürəyimdə qaladın,

Aç qolunu, o şaxəli qanadın

Dolansın boynuma, a telli sazım.

 

Dərd olar ürəyi yaralı gəzmək,

Səni tək bir dotdan aralı gəzmək,

Qaracanam, qəlbi aralı gəzmək

Yaraşmaz şaynıma, a telli sazım.

 

 

 

YADIMA DÜŞDÜ

 

Dolandı dağları xəyalım yenə,

Lilpar bulaqlarım yadıma düşdü.

Yaz olanda dərgahına köçdüyüm

Güllü yaylaqlarım yadıma düşdü.

 

Toylarında köhlənləri yorduğum,

Bulaq üstə binələri qurduğum,

Arxalanıb, dayağında durduğum

Yurdum,  Alaylarım yadıma düşdü.

 

Yad oldu dost-tanış, yox gəlib-gedən,

Dövlət də yan keçir, bilmirəm nədən.

Qaracanam, uzaq-uzaq ellərdən

Gələn karvanlarım yadıma düşdü.

 

 

ODUMUZA-ODUMUZ

 

            “Özgələrdən bizə xəta toxunmaz,

Eyləməsək özümüzə-özümüz”

 

AşıqAlı

 

Dedim gəlin, qol-qola bərk tutuşaq,

Dayaq dursun dizimizə-dizimiz.

Bir dolanaq ocağmızın başına,

Alov versin odumuza-odumuz.

 

Demədim ki, meydan açaq, cəng edək,

Söz gəzdirək, başımızı dəng edək,

Deyirəm ki, yolumuzu tən gedək,

Qoy qoyulsun izimizə-izimiz.

 

Qaracanam, kəsərəm mərd çörəyi,

Mərd yurdunda qurmalıyam dirəyi,

Siz yaba götürdüz, bis də kürəyi,

Qarışıbdı tozumuza-tozumuz.

 

 

 

MƏNƏ

 

Fələyin gözündən necə düşmüşəm,

Rəhim eyləmədi yazan da mənə.

Mərifətdən, qanacaqdan danışır

Hər ağlı, kamalı azan da mənə.

 

Çoxunu önündə susdum;- olubdu,

Quru, boş qərargah postum* olubdu.

Gəlhagəl günümdə dostum olubdu,

Ayağmın altını qazan da mənə.

 

Bağlandı xanələr, vermədi zərim,

Adım Qaracandı, soyadım Kərim.

Şad olaram əgər desə ellərim,

Dərviş də, dəli də, ozan da mənə.

 

_________

 

Postum – Təyin olunmuş ərazi.

 

 

 

SARYAL

 

                                   “Saryal” adlı bir atım var idi.

                                   Onun oğurlandığı xəbərini eşidəndə

                                   çox kədərləndim və bu şeri ona

                                   həsr etdim.

 

 

Axurundan səhər, axşam, günorta

Tükənməzdi arpa, darı Saryalın.

Bürkü vurub xəflədəndə böyənək,

Şeşələrdi qulaqları Saryalın.

 

Atam dedi, çərləmişi çıdarla,

Qaşoylayıb, yalmanını tumarla,

Nalbənd çağır, dırnaqların hamarla,

Yalın qalıb ayaqları Saryalın.

 

Hörüklədim, dedim bir az otlasın,

At oğrusu, görüm gorun çatlasın.

İnsafdırmı indi piyada qalsın,

Qaracan tək vəfadarı Saryalın.

 

 

QARDAŞIM  MƏHƏRRƏMƏ

 

Gəl soruşma mənim hal-əhvalımı,

Ağ günüm olubdu qara, qardaşım.

Nə müddətdi yan üstündə qalmışam,

Tapılmır dərdimə çara, qardaşım.

 

Nədənsə canımdan qaıxıb ağrılar,

Nə ana axtarar, nə ata yoxlar,

Dərdimi bilənmir “sarı qulaqlar”,

Gül zamanım dönüb xara, qardaşım.

 

Hər vətən oğlunun deyil hesabı,

Qaracan tək zülmə gətirsin tabı.

Qəriblik həsrəti, “qubbax” əzabı

Haraya sığılar, hara qardaşım?!

 

                                                           1968, hərbidə xəstəxanada.

 

QARDAŞIM  MƏHƏRRƏMİN  MƏZARI  BAŞINDA

 

Məni nə tez belə saldın atından,

Qoymadın dikəlib, düzəlim, dünya.

Sənin etibarın bura qədərmiş,

Bu imiş axırım, əzəlim, dünya.

 

Hardan gəlib bitdi bu daş başımda,

Oxu bu ağını bu baş daşımda,

Necə qıydın mənə əlli yaşımda,

Bir də ya gəlməyim, ya gəlim, dünya.

 

Mən qalan deyildim bu ahu-zarda,

Əcəl yaxaladı gör məni harda,

Gəlib uzanmışam bu dar məzarda,

İndi öz başımdı, öz əlim, dünya.

 

 

 

 

TƏBRİZ

 

Bir şirin arzuma çatmışam bu gün,

Görüşdüm səninlə Təbrizim mənim.

Elə billəm cənnət qucağındayam,

Alıb qollarına əzizim mənim.

 

Sevincim çiçəyə, gülə bürünüb,

Həsrətim həftəyə, ilə bürünüb,

Açılmaz bir incə telə bürünüb,

Ürəyinə bağlı nəbizim mənim.

 

Burda duydum Şəhriyarın nəfəsin,

Abbasın, Qasımın, Qəribin səsin,

Qəbul eylə Qaracanın töhfəsin,

Barı səndə qalsın bir izim mənim.

           

                                                           Təbriz, 1996

 

 

 

ÖZ AMANIM, ÖZ AHIM

 

                                               Avtomobil qəzasında

 

Zalım fələk yenə durdu qəsdimə,

Öz torunu qurmalıydı, qurdu da!

Oxlarını nişanlayıb üstümə,

Əvvəl-axır vurmalıydı, vurdu da!

 

Kədər dönük taleyimə yazıldı,

Axı nədən, bu il belə nəs ildi,

Qolum gücdən, dilim sösdən kəsildi,

Qanadımı qırmalıydı, qırdı da!

 

Qaracanam, öz amanım, öz ahım,

Yerə, göyə sığışmayır günahım.

İndən belə deməliyəm Allahım

Köməyimə durmalıydı, durdu da!

 

 

 

 

DANIŞMAQ

 

Haqdan yaranmışam, haqq aşığıyam,

Sənətimdi həqiqətdən danışmaq.

Nəsihətdən, yol ərkəndən, ədəbdən,

Mərifətdən, Təriqətdən danışmaq.

 

Dahilər önündə baş əyir bəşər,

Deyirlər, qardaşdı xeyir ilə şər.

Varsa Quran əhli, yerinə düşər,

İbadətdən, Şəriyyətdən danışmaq.

 

Soruş Qaracandan Leyli, Məcnunu,

İgid Koroğlunu, aşıq Cununu.

Budur, bala, sənətimin qanunu,

Layiq deyil yad sənətdən danışmaq.

 

 

 

HƏQİQƏT

 

Diz çöküb sürünər, üz üstə yatar,

Ancaq heç bir zaman ölməz həqiqət.

Gec olar, güc gələr, məqsədə çatar,

Yolundan geriyə dönməz həqiqət.

 

Olub pərvanəsi diləklər onun,

Hürülər, Pərilər, Mələklər onun,

Alovnu söndürsə küləklər onun,

Gözü közərəcək, sönməz həqiqət.

 

Bəd əməldən, əyri yoldan gen qaçır,

Göz oxşayır, könüllərə yol açır,

Şəfəqləri ürəklərə nur  saçır,

Gün kimi heç zaman solmaz həqiqət.

 

 

YALAN

 

Doqquz don geyindir, doxsan naxış vur,

Yenə görünəcək kiri yalanın.

Qoysan da qapalı sandıq içinə,

Axır açılacaq sirri yalanın.

 

Nəyi varsa hər bəndənin canında,

Qınamıram, o qaynayar qanında,

Aqil, Alim, Mömin bəndə yanında,

Görübsənmi ola yeri yalanın?

 

Atalar deyib ki, doğruya yalan,

Düşmən yaranıbdı aşıq Qaracan.

İtər Yer üzündən silinər, inan,

Tapılmaz heç yerdə goru yalanın.

 

 

BƏSİMDİ

 

Dünyanın malında tamahım yoxdur,

Tanrı nə verirsə, o da bəsimdi,

Az da, çox da birdi, Yaradan məni

Möhtac eyləməsin yada, bəsimdi.

 

Niyyəti xoş olar könlü abadın,

Böyük şöhrəti var şərəfli adın,

Müxənnətin, Nanəcibin, Xoryadın

Gəlsə ürəyinə qada, bəsimdi.

 

Qaracanam, vardı haqqa qulluğum,

Gələr-gedər yoxsulluğum, bolluğum,

Gözünə, könlümə qurban olduğum

O ki, salır məni yada, bəsimdi.

 

 

MƏNİM ÖZ MƏNLİYİM, MƏTİNLİYİM VAR

 

Hər kimsə nəsihət verməsin mənə,

Mənim öz mənliyim, mətinliyim var.

Heç də uymayıram yetən deyənə,

Mənim öz mənliyim, mətinliyim var.

 

Hörümçək torunu hörsə yaxşıdı,

Çal köpək zəncirdə hürsə yaxşıdı,

Hər kəs öz köçünü sürsə yaxşıdı,

Mənim öz mənliyim, mətinliyim var.

 

Qaracanam, hər lay-laya yatmaram,

Dərd yükünü dəm köçümə qatmaram,

Sərraf yoxsa, mətahımı satmaram,

Mənim öz mənliyim, mətinliyim var.

 

 

DOLANDIRIR

 

                        Ay hazarat, bir zamana gəlibdi,

                        Dövlətli yanında qul dolandırır.

Aşıq Alı

 

Aşıq Alı, dövran indi başqadır,

Zəmanəni yaltaq dil dolandırır.

Alaçatı, iki üzlü, fırıldaq,

El içində fitvə-fel dolandırır.

 

Zikr etsən də dərin pür kamalını,

Bilənməzsən bu Fələyin halını.

Xəsisin başına dünya malını,

Yoxsulun başına kül dolandırır.

 

Sənət dünyasına yaxşı bax, tanı,

Tanrı tək yaradıb qul Qaracanı,

Avazında yetmiş iki havanı,

Barmağında on bir tel dolandırır.

 

KÖÇÜBDÜ

 

Təkəli aşıq Mustafanın vəfatına

 

Ay hazarat, Borçalı mahalının,

El aşığı, Mustafası köçübdü.

Xanələr göynədi, dillər ağladı,

Məclislərin zövq-səfası köçübdü.

 

Gümüş tellər bağlı qaldı pərdədə,

Neçə dastan sirli getdi sinədə,

Sənətkarın yaratdığı səhnədə,

Sözü qaldı, ləl ifası köçübdü.

 

Getdi  şah sənətkar eldən-obadan,

Axıra dək dərs almadım ustadan,

Qul Qaracan Borçalının, dünyadan,

Kamil-sənət bir ustası köçübdü.

 

 

 

 

QAYIT  GƏL

 

Sən mənim eşqimin yadigarısan,

Qaldı yollarında gözüm, qayıt gəl!

Hər qəmə, hər dərdə məndə dözüm var,

Yoxdur sənsizliyə dözüm, qayıt gəl!

 

Kimsəynən nə əhdi-peymanım yoxdu,

Yerdən göyə qədər gümanım yoxdu,

Bu canımdan başqa qurbanım yoxdu,

Sənə qurban olum özüm, qayıt gəl!

 

Nə gəldisə gəldi mənə fələkdən,

Baş açmadım bu qurğudan, kələkdən,

Qaracanam, gülənmirəm ürəkdən,

Bağlı qalıb dil, ağızım, qayıt gəl!

 

 

KİRVƏLƏR

 

Arzu eyləyirəm qoca Tanrıdan,

Bu qohumliq varsın başa, kirvələr.

Məclis-məramlarda, eldə, obada,

Adınız çəkilsin qoşa, kirvələr.

 

Axıb dizinizə tökülən o qan,

Müqəddəsdir, Peyğəmbər qanunundan,

Könülsüz üstünə, könül damından,

Çıxmayın ki, torpaq düşə, kirvələr.

 

Od közərsin, ocağınız gur olsun,

Evinizdə toy şənliyi qurulsun.

Borçalı Qaracan təşrif buyursun

Qapınıza xeyir işə, kirvələr.

 

 

QONŞULAR

 

Atalar deyiblər, “Uzaq qohumdan,

Qardaşdan da yaxın olar qonşular.”

Ağır anlarında, dar günlərində,

Hər zaman qeydinə qalar qonşular.

 

 

Məğrur qüdrətini, mərhəmətini,

İpək ülfətini, pak ismətini,

Yoxsulluq üz versə, son qismətini,

Qardaş malı kimi bölər qonşular.

 

Misal var ki, “Xain gözdə nur olmaz”,

“Qonşunu yox dilən, özü var olmaz”.

Ay Qaracan, qonşu yolu dar olmaz,

Könüldən bir körpü salar qonşular.

 

 

GÜNAHDI

 

Allaha xoş getməz, var əsirgəmə,

Səxavət əlini kəsmə, günahdı.

Tanrının verdiyi qismətə şükür,

Dövlət üz döndərsə, küsmə, günahdı.

 

Taledən iqbalın yatıbsa əgər,

Haqqa ağır gedər, eyləmə qəhər,

Xəzan küləyi tək hər axşam, səhər,

Meyl edib hər yana əsmə, günahdı.

 

 Qaracan, şükür et, xoş keçər dövran,

Yorulmaz yol ilə gedərsə insan.

Bir iş görən zaman təmkinlə davran,

Səbirli ol, çox tələsmə, günahdı.

 

 

 

 

20 YANVAR HADİSƏLƏRİNƏ

                      

                           T.Üfiqə

 

Gözümə tor çəkdi, ürəyimə dağ,

Yurdum yad ellərdə qalandı, Allah.

Dövranmı dəyişdi, yoxsa ki, zaman,

Fələk çərxi tərsə dolandı, Allah.

 

Düz yolda tükənməz halal zəhmətim,

Müqəddəs vətənim, məğrur millətim,

Var-dövlətim, bol nemətim, sərvətim,

Düşmənin əlində talandı, Allah.

 

Yox bazarı bu satqımın, alqımın,

Kökü düşüb, Ay Qaracan, çalqımın,

Qanda axır göz yaşları xalqımın,

Qönçə güllər üstə çiləndi, Allah.

 

                                                                       1990

 

 

TOYNUZ  MÜBARƏK!

 

Dil açsın arzular, dil açsın ürək,

Könül xoşluğunnan kəsək duz-çörək,

Hamı nuş eyləsin badəni gərək,

İçək, a bəy-gəlin, toynuz mübarək!

 

Arzu diləyiniz getməsin bada,

Çox şükür, toynuzda oldum tamada,

Sevinclə yaşayın qoca dünyada,

Gülək a bəy-gəlin, toynuz mübarək!

 

Sevinən ürəklər vədə gözlərmi,

Belə məclisdən də adam bezərmi,

İllah, Qaracanda söylə dözərmi

Ürək a bəy-gəlin, toynuz mübarək!

 

HAQQ, ƏDALƏT

 

Nə tufandı yenə mənim başımda,

Çən-çənə qarışıb, duman-dumana.

Nişanlanıb, düz dayanıb qaşımda,

Yay çəkilib, ox söykənib kamana.

 

Düz danışdım, damanımdan soydular,

Gördüm dedim, gözlərimi oydular,

Dillənmədim, qanmaz yernə qoydular,

Budur haqqın-ədalətin, zamana!

 

Ay Qaracan, boş keçirmə vaxtını,

Axtarginən iqbalını, baxtını.

Quranmazsan haqq-ədalət taxtını,

Nahaq yerə düşübsən əl-amana.

 

NƏVƏM    BELAYA

 

Könüllər bəzəyi, qönçə ləçəyi,

Büllur bulaqların aynası balam.

Bu günün pərisi, huri-mələyi,

Sabahın ağbirçək anası balam.

 

Qurbanlar kəsilir həftə, ayına,

Zibalar biçilir göyçək boyuna,

Ellər gəlib şad-mübarək toyuna,

Geyinsin gəlinlik libası, balam.

 

Ömür yolun günəş kimi çıraqlı,

Əlin bərəkətli, yurdun ocaqlı,

Suyun axar olsun, evin qonaqlı,

Budur Qaracanın duası, balam.

                                  

                                                           02.07.2006.

 

VÜQAR

Oğlum Vüqarın anadan olması günü münasibətilə

 

Çox şükür Allahın verdiyi paya,

Yetirdi bu gözəl nübarı bizə.

Ömrümüzün yoxsul, kasıb çağında

Bu dövləti bizə, bu varı bizə!

 

Bütün nemətlərin neməti oldu,

Canıma can verən qüvvəti oldu,

Evimin işığı, ziynəti oldu,

Qışda gətiribdi baharı bizə.

 

Qaracanam, yoxdu ahım, amanım,

Nur səpir üzümə açılan danım.

Tale töhfə verib, ay Ballı xanım,

Sənin bayramında Vüqarı bizə.

7 mart 1975 il

 

OĞLUM  İLQARA

 

 

Uca dağın qaydasıdır, ay oğul,

Saxlayır sərində neçə il qarı.

Sən də dağlar kimi, zirvələr kimi

Neçə il qocalıb, neçə il qarı.

 

Arxanı xalqına, elinə bağla,

Xalqınan gülünən, elinən ağla,

Hər zaman canında, qanında saxla

Sədaqəti,etibarı, ilqarı.

 

Oğul gərək özü qazana adı,

Oğuldur atanın ağzının dadı.

Budur, bala, Qaracanın muradı-

Yaşat əməlinlə adın İlqarı.

 

OLSUN

 

Ay ana, sən Allah körpə Vüqarın

Üstündə gözlərin amanat olsun.

Nadincdi, oynaqdı, incimə ondan,

Həmişə təsəllin ibadət olsun.

 

Səhərdən axşama dolansın bağı,

Ömrmün, günümün yanar çırağı.

Cavan çağlarımın qaynar bulağı

Ömrə  şəfa verən bir həyat olsun.

 

Qışda arana gəl, yayda yaylağa,

Axşam quymağa tut,  səhər qaymağa.

Yuxusu  gələndə apar yatmağa,

İnciməsin, canı qoy rahat olsun.

 

Qucağa götürmə, özü yerisin,

Körpə ikən baldırları bərkisin.

Beçədən, fərədən bişir qoy yesin,

Tamı dahanında dad, ləzzət olsun.

 

Mən onu ömrümə bahar demişəm,

Həm dövlət demişəm, həm var demişəm,

Vüqarlı dağ kimi, Vüqar demişəm,

Bəşərdə ad alıb bir övlad olsun.

May, 1976.

 

 

 

NAŞÜKÜR OLMADIM, OLMARAM DA MƏN

 

Yarandım, göz açdım, haqqımı bildim,

Naşükür olmadım, olmaram da mən.

Həyatda şəkər də, zəhər də yedim,

Naşükür olmadım, olmaram da mən.

 

Göz  açdım, boranla yazı da gördüm.

Şeir-sənət duydum, sazı da gördüm,

Çoxu görmüş idim, azı da gördüm,

Naşükür olmadım, olmaram da mən.

 

Dəmim günə çəkdi, dərdim il-aya,

Gözlərim gah güldü, gah döndü çaya,

Qaracanam, Tanrı verdiyi paya

Naşükür olmadım, olmaram da mən.

 

 

 

 

TOYDA

 

(yarı zarafat, yarı doğru)

 

Arzum budur, əziz dostlar, qonaqlar,

Açılsın, qalmasın düyün bu toyda.

Deyin, gülün, şənlik edin ürəkdən,

Bahar libasını geyin bu toyda.

 

Söz cana yayılsın, mənası dərin,

Saz məlhəmi olsun dərdin, dərdlərin,

Hərdən-hərdən mənə xələt göndərin,

Eyləyim tərifin bəyin bu toyda.

 

Köhnə tamadayam, billəm işimi,

Gözdən buraxmayın Qəmbər kişini.

Çəkin ortalığa, sökün dişini,

Sallaq dodağını əyin bu toyda.

 

 

OLMUŞAM

 

Bilməm soyuq dəyib, yoxsa bədnəzər,

Yaman ağrıyıram, naçaq olmuşam.

Taqətim yoxdur ki, yanına gələm,

Elə bilirsən ki, qaçaq olmuşam.

 

Heç mənim halımdan almırsan soraq,

Müddətdi xəstəyəm üzündən iraq,

Dostumun gözünə yanar bir çıraq,

Düşmənin gözünə bıçaq olmuşam.

 

Baş açmıram, bu dövranın felindən,

Qan tökülür, zəhər yağır dilindən,

Qaracanam, haqsızlığın əlindən

Dağılmışam, saçaq-saçaq olmuşam.

 

 

XANCIĞAZLI

 

Dostum, çox olmuşam, yaxşı bələdəm

Xram kənarında Xancığazlıda.

Qeyrət, qüdrət keşiyində mərd durub,

Elin cavanı da,  ağsaqqalı da.

 

İgid ərənlərni bir üzdə gördüm,

Bir dildə, bir yolda, bir izdə gördüm.

Sənət hikmətini Firuzda gördüm,

Hatəm səxavəti Dədə Alıda.

 

Ümüdi Allahda, kəlamı dildə,

Üzü Qibləgahda, əlləri əldə,

Bir zamanlar bu mahalda, bu eldə,

Dövran sürdü Qaracan Borçalı da.

 

 

 

NƏDƏNDİ, NƏDƏN

 

Gözəlim, bilmirəm nədəndi, nədən,

Kövrək ürəyimə qan ələnibdi.

Sinəmdən süzülən dastan bulaqlar

Qəmli kök üstündə bəstələnibdi.

 

Könlümün dövlətə yox ehtiyacı,

Səfərim uğursuz, qismətim acı.

Müddətdi tapılmır dərdim əlacı,

İqbalıma ələm, dərd bələnibdi.

 

Bu fələyin hökmü qətidir, qəti,

Onda kim görübdü insaf-mürvəti,

Qaracanın qəm göynədən möhnəti

Könül dünyasında dəstələnibdi.

 

 

QALDI

 

Amandı, a dağlar, göz-qulaq olun,

Qoynunda könlümün maralı qaldı.

Boranın, çovğunun kəsdi yolumu,

Ürəyim ürəkdən aralı qaldı.

 

Həsrət qaldım, yar yanında gülmədim,

Dindirmədim,bir əhvalın bilmədim,

Əl uzadıb şamamanı dərmədim,

Tağların qoynunda saralı qaldı.

 

İntizaram, görənmirəm o vaxtdan,

Ayrılmışam xoş xəbərdən, soraqdan.

Qaracanam, yollarına baxmaqdan

Gözüm yaşlı, qəlbim yaralı qaldı.

 

 

DEYƏ

 

Gözlərim yuxunun keşiyindədi,

Ösgələr röyanə girməsin deyə.

Könül bağçasında açılan gülü

Əğyarın əlləri dərməsin deyə.

 

Hər zaman yolunda durmuşam mətin,

Vəfalı ilqarın, saf məhəbbətin,

Xoryad, bizdə olan səmimiyyətin

Arasına divar hörməsin deyə.

 

Qaracan keşikdə dayanıb özü

Ki, dəyməsin sənə nadanın sözü,

Şəfəq şüaları, bədnəzər gözü,

O gül camalını görməsin deyə.

 

OLMA

 

Ala gözlüm, sənlə keçən günləri

Yad edib yadına salmamış olma.

Səhər yellərindən, dağlar mehindən

Sorub əhvalımı bilməmiş olma.

 

Ayrı düşsək biz aylara, illərə,

Dözülməyən həftələrə, günlərə,

Əgər yolun düşsə bizim ellərə,

Gəlib bizdə qonaq qalmamış olma.

 

Dərdə düşsün düzü tərsə əyəni,

Qaracandan yaxşı, yaman deyəni,

Axır nəfəsimdə çağırsam səni,

Amandı, yanıma gəlməmiş olma.

 

 

OLUM

 

Mən sənin hər yerdə, hər zaman, hər an

Adını anmışam, anmamış olum.

Tükənməz arzumun şam, çırağının

Şöləsi sanmışam, sanmamış olum.

 

Sənə yaranmışdı hər inam məndə,

Bilmədim düşəcəm fəndə, kəməndə,

İldə bir gün olar, mən sənin gündə

Qurbanın olmuşam, olmamış olum.

 

Qaracanam, göydən endi pərvazım,

Görünür beləymiş qismətim, yazım,

O saxta eşqinin, ay sərvinazım,

Oduna yanmışam, yanmamış olum.

 

 

NƏ MİNNƏT ETMİRƏM, NƏ YALVARMIRAM

 

Sənə söz deyirəm mərdi-mərdana,

Nə minnət etmirəm, nə yalvarmıram,

Ayaqlarnı qaldırma nərdivana,

Nə minnət etmirəm, nə yalvarmıram.

 

Mən deyirəm sən bu yoldan dönəsən,

Töbə edib, haqq yoluna gələsən,

Dönmürsənsə, dur get, o yol, o da sən,

Nə minnət etmirəm, nə yalvarmıram.

 

Qaracanın görməmisən dalğasın,

Elə et ki, səbir kasam dolmasın,

Razı döysən, olan günün olmasın,

Nə minnət etmirəm, nə yalvarmıram.

 

 

GÜLÜR

 

Bu gün şad günündür, a mehribanım,

Çəmən gülür, çiçək gülür, gül gülür.

Xeyir-duam, xoş arzum var sizlərə,

Qiblə gülür, səcdə gülür, əl gülür.

 

Çox şükür Tanrıdan gələn qismətə,

Sənə kəm baxanı düşsün zülmətə.

Sizdə olan ay camala, ismətə,

Könül gülür, ürək gülür, dil gülür.

 

Zimistan keçəndə gələr güllü yaz,

Qızıl güldə ətir, Bülbüldə avaz.

Qaracanın sinəsində simli saz,

Barmaq gülür, pərdə gülür, tel gülür.

 

 

GÖZƏL

 

Kirpiyin ox kimi deşdi sinəmi,

Gözlərin gözümə baxanda, gözəl.

Lalə yanaqların aldı canımı

Şimşək tək sinəmdə çaxanda, gözəl.

 

Könlünü könlümdən salma irağa,

İlahi yazmasın səni qırağa.

Bənzətdim camalın bir şam çırağa,

Cismimi yandırıb yaxanda, gözəl.

 

Yardın ürəyimi, tökdün qanımı,

Sökdün, yelə verdin xanimanımı,

Qaracanam, aldın yazıq canımı,

Oxları sinəmə sıxanda, gözəl.

 

BİLSƏYDİM   DÜNYAYA ERKƏN GƏLƏRDİM

 

Həyatın bu qədər şirinliyini

Bilsəydim, dünyaya erkən gələrdim.

Ömrün mənasını, dərinliyini

Bilsəydim, dünyaya erkən gələrdim.

 

Kimlər bilir Atalar bildiyini,

Dədələr gördüyünü, el dediyini,

Ələsgərin, Alının gəldiyini

Bilsəydim, dünyaya erkən gələrdim.

 

Qaracanam, eldə tac almağımı,

Şərəflə bir ömrü qoçalmağımı,

Sənət zirvəsinə ucalmağımı

Bilsəydim, dünyaya erkən gələrdim.

 

 

GƏTİRMİŞƏM

 

Mübarək günündə, bu şad günündə

Gəlmişəm, əlimdə gül gətirmişəm.

Ey mənim əzizim, sənin qarşına

Təmiz ürək, şirin dil gətirmişəm.

 

Bu gün bahar gəldi, açıldı yazım,

Dindi bülbüllərim, səsləndi sazım.

Ay ömrüm, ay günüm, ay şux avazım,

İşvənlə canımı al, gətirmişəm.

 

Qaracanam tər bağımda barımla,

Yayda günəşimlə, qışda qarımla.

Mən sənə ən gözəl arzularımla,

Gün deyil, ay deyil, il gətirmişəm.

 

                                                                       1972

 

 

CEYRAN XANIM

 

Tanrı səni qüdrətindən yaradıb,

Nə göyçək balasan, a Ceyran xanım.

Yusifdən xəlq olub hüsnünə şölə,

Dağlarda lalasan,a Ceyran xanım.

 

Karvan kimi köçüb gedən nəsilmiş,

Təəssüflənmə, bu il belə nəs ilmiş,

Hər tərəfin bəndir-bəndir kəsilmiş,

Alınmaz qalasan, a Ceyran xanım.

 

Qaracanam, xoş avazlı havamın,

Sənə olan saf  arzumun, duamın,

Dərdin alım, dərdli köçən anamın

Laylasın çalasan,a Ceyran xanım.

 

 

KƏSİLDİ

 

İxtiyar çağımda, ahıl yaşımda,

Qapımdan mey yüklü karvan kəsildi.

Açıldı könüllər şad oldu ruhlar,

Neçə dost evində qurban kəsildi.

 

Səhər oyananda qalxıb o başdan,

Sübhan eyləyirəm xəngəldən, xaşdan,

Tor gözdən çəkildi, duman da huşdan,

Elə bil təbiət əlvan kəsildi.

 

Köklənib səsimin zilinən, bəmi,

Gərək tünd olmasın çayımın dəmi.

Ay Qaracan, səslə Ozan dədəmi,

Daha meyxanəli dövran kəsildi.

 

 

MƏCBUR OLDUM YAZAM...

 

                        Rəqib tərəfə keçib mənə qarşı duran, ikiüzlü yaltağa.

 

Dostlar, mən günahsız heç bir tərəfə,

Nadanlıq eyləyib daş atmamışam.

Nə qalxan şahmara aman vermişəm,

Nə yatan aslanı oyatmamışam.

 

Aşakara sözümü eyləyim bəyan,

Məcbur oldum yazam mən həcv-hədyan.

Ara qarışdıran ay qoca madyan,

Mən ki, sənə dəyib, dolaşmamışam.

 

Tor çəkərəm, dünya gözünə görünməz,

Dağ çəkərəm, sinən üstən silinməz,

Turp əkərəm yerin-yurdun bilinməz,

Qaracanam, oyağam yatmamışam.

 

 

YAZIR, YAZSIN

 

Deyirlər ki, məndən yazır bir “dost”um,

Yazır, yazsın, bu da belə kürənmiş.

Üst-başımı dartışdıran az deyil,

Bu köpək də bir tərəfdən hürənmiş.

 

Yanğır deyiləm ki, aralıq qatam,

Qəhərdən yük tutam, nifrətlə yatam,

Qeyrət sarayımı ucaldıb Atam,

Səbir dünyam bir qırılmaz kərənmiş.

 

Ay Qaracan, meydan alıb gədələr,

Saz götürüb, sözlə bizi hədələr,

Nadan məclisində aqil dədələr

Xəcalətdən baş ağartmış, bel əymiş.

 

 

SƏN SAMAN ALTINDAN SU YERIDƏNSƏN

 

Gözlərin kəlləndə oynayır sənin,

Sən saman  altından su yeridənsən.

İçində tufanlar qaynayır sənin,

Sən saman  altından su yeridənsən.

 

Mən görürəm bəd işlərdə əlin var,

Cadu əməllərin, fəndi-felin var,

Sənin yeddi sirrin, yeddi  dilin var,

Sən saman  altından su yeridənsən.

 

Qaracanam, sənə son sözüm budur,

Bir daha nə yalvar, nə boynunu bur,

Məndən uzaq dolan, tamam gendə dur,

Sən saman altından su yeridənsən.

 

 

BAŞ ÜSTƏ

            (Beyqeyrətin dili ilə)

 

Mənim cibim dolsun, nə qeyrət, nə ar,

Tül örpək altında yatım?...

                                               Baş üstə.

Doğmamı, Yadımı, Nəsil, Kökümü

Beş günlük şöhrətə satım?...

                                               Baş üstə.

 

Qeyrəti, qüdrəti soxma gözümə,

Bu sözləri çox vurublar üzümə,

Dostuma, yoldaşıma, lap öz-özümə

Kələk, dolaq gəlib atım?...

                                               Baş üstə.

 

Mən bilmərəm namus nədi, ar nədi,

Qohum nədi, Qardaş nədi, yar nədi,

Elə ki, beynimdə qurd dingildədi,

Aləmi bir-birnə qatım?...

                                               Baş üstə!

 

 

KÖPƏK OĞLU

 

Yel kimi hər yana meyl edib əsən

Dəm-dəm xəyal, beyni toz köpək oğlu!

Ənlik-kirşan “sovremennıy madmazel”,

Adı oğlan, özü qız köpək oğlu!

 

Əyri əllə qazan tutub qaz vuran,

Məclislərdə sazı atıb, caz vuran,

Dost evində  qız, gəlinə göz vuran,

Oğraşsifət, arvatbaz köpək oğlu!

 

Ay Qaracan, əsib-coşma, qanan döy,

İstər danla, istər dalaş, istər söy,

Qırmızı üz, dişi seyrək, gözü göy,

Bəsdi, çəkil məndən vaz köpək oğlu!

 

 

HƏYATIN  ƏN QƏMLİ GÜNÜ DƏ XOŞDU

 

Mənə nə beykefsən demə, a dostum,

Həyatın ən qəmli günü də xoşdu.

Şükür yaradanın nur dərgahına,

Həyatın ən qəmli günü də xoşdu.

 

Kiminin əzəldən qurulub taxtı,

Kiminin açılmır, bağlıdı baxtı,

Çalış boş keçirmə vədəni, vaxtı,

Həyatın ən qəmli günü də xoşdu.

 

Sonu bilinməyən ömür yolunda,

Kimi atla gedir, kimi piyada.

Qaracanam, günlər gördüm dünyada,

Həyatın ən qəmli günü də xoşdu.

 

 

MƏNİM

 

Fələyin hökmüdür vermiş əzəldən,

Heç kəsilmir ahım-amanım mənim.

Nə lazım incimək fani dünyadan,

Görünür beləymiş zamanım mənim.

 

Min qeyli-qal ilə keçir dövranım,

Beləymiş əzələdn dövrü-zamanım,

Tutmayır şikarı oxum-kamanım,

Heç yatmır əlimə kamanım mənim.

 

Qaracanam, güzgü daşlara çaxdım,

Çevrilib düzəlmir, yanadır taxtım.

Müddətdi açılmır, bağlıdı baxtım,

Bir Allaha qalıb gümanım mənim.

 

 

YADIMA DÜŞDÜ

 

Keçmişə boylandım, doldu gözlərim,

Cavanlıq çağlarım yadıma düşdü.

Əyildim bir sınıq budağa doğru,

Çiçəkli bağlarım yadıma düşdü.

 

Bilmədim dünyada yol yoxuşadı,

Ümidim kəsikdi, arzum boşadı.

Yurd-yuva dərdindən qoşa-qoşadı,

Sinəmdə dağlarım yadıma düşdü.

 

Adım bir gözəlin yadına düşməz,

Ayıma, ilimə gəlib görüşməz.

Mənim taleyimdə bir də görünməz

Gülərim, ağlarım yadıma düşdü.

 

Bu ömrüm ötəndi, bu ömrüm itən,

Dost-tanış dərdidi bu ömrümə tən.

Gecəli, gündüzlü ömrümdən ötən

Şirin ağrılarım yadıma düşdü.

 

Olum amanlıdı, ölüm tufanlı,

Biri gümansızdı, biri gümanlı.

Yenə, ay Qaracan, başı dumanlı,

Çobanlı dağlarım yadıma düşdü.

 

 

GƏLMİŞƏM

 

Bu xoş gündə tərif sənə yaraşır,

Hüzurunda söz deməyə gəlmişəm.

Bilirəm ki, doğmaların inciməz,

Var sinəmdə köz, deməyə gəlmişəm.

 

Yaş o yaşmı, nələr keçir ürəkdən,

Gəl incimə nə Tanrıdan, fələkdən.

Vallah, səni qısqanaram küləkdən,

Dərmanımı yaz deməyə gəlmişəm.

 

Şahzadəsən, tacı-taxtın var olsun,

Can mülkündə tale sənə yar olsun,

Çox gecikdim, çox da mənə ar olsun,

Çox sözümü az deməyə gəlmişəm.

 

Gəldim alam ürəyimin dincini,

Böləm sənlə könlümün sevincini.

Qəlbim üstə mirvarini, incini

Sədəf kimi düz deməyə gəlmişəm.

 

İsmin pünhan, şehli çəmən çiçəyi,

Gözəllərin göyçəyisən, göyçəyi!

Qul Qaracan əsirgəməz heç nəyi,

Yol sinəmdi, gəz deməyə gəlmişəm.

 

 

NOLAYDI  BİR QIZIM OLAYDI  MƏNİM

 

Allahdan bir arzum qaldı gözümdə,

Nolaydı bir qızım olaydı mənim!

Körpə quzum deyib əzizləyərdim,

Nolaydı bir qızım olaydı mənim!

 

Yadıma düşəndə ürəyim sızlar,

Dönüb cığır oldu dünənki izlər,

Bir də deyilməsin kəsikdi qızlar,

Nolaydı bir qızım olaydı mənim!

 

Hər eldə-obada hörmətim oldu,

Duyan ürəklərdə söhbətim oldu,

Tanrıdan cüt oğul züryətim oldu,

Nolaydı bir qızım olaydı mənim!

 

Bu yolun payızı, yazı varıymış,

Qismətimin çoxu, azı varıymış,

Taledən pozulmaz yazı varıymış,

Nolaydı bir qızım olaydı mənim!

 

Bir də görəcəksən qapını kəsdi,

Yetişdi ömrünün o payız fəsli,

Onda deyəcəksən, ana nəfəsli

Nolaydı bir qızım olaydı mənim!

 

Coşma, ay Qaracan, onu bil ki, sən

Yenə özü bilər o özü bilən!

Deyirəm, evimdə danışıb, gülən,

Nolaydı bir qızım olaydı mənim!

 

 

TƏKƏLİ

 

                        Doğma kəndimə

 

Vəfalı oğluyam, canımda canı,

Görsəm də üzünü az Təkəlinin.

Şöhrəti dillərdə əzbər olubdu

Qəlbi təmiz, sözü düz Təkəlinin.

 

Gözəllik bəxş edib ana təbiət,

Yaradan əlləri çəkibdi sinət.

Qocası məğrurdu, cavanı comərd,

Durmuşuq yolunda biz Təkəlinin.

 

Çox olubdur igidlərin savaşı,

Burda qan selində axıb göz yaşı.

Koroğlu nəslidir - əyilməz başı,

Olsa da düşməni yüz Təkəlinin.

 

Vəsf eyləyim Həsən bəy kimi nəri,

Pozulmayan bir ordunun sərkəri.

O Hatəm səxalı, el hünərvəri,

Qoydu tarixində iz Təkəlinin.

 

Aşıq Mustafanın “Cəngi” nərəsi,

Alyarın titrədən gur zənguləsi,

Hümbətin qəlb açan, ecazkar səsi,

Ana laylasıdır saz Təkəlinin.

 

Səcdəgahdır seyid Həşim ocağı,

Məzlum bəndələrə yanan çırağı,

Məkkə, Mədinədən gəlir sorağı,

Gəlin, ziyarətinə siz Təkəlinin.

 

Babalar fərəhlə belə deyərdi,

Bu el yaranandan qonaqsevərdi,

Qaracan, yaratmaq böyük hünərdi,

Şəninə bir dastan yaz Təkəlinin.

 

 

BORÇALININ BABƏKƏR DAĞLARINA

 

Baxıram hüsnünə Babəkər dağı,

Yadıma əl çatmaz uzaqlar gəlir.

Növrəstə çağlarım, şux dövranlarım,

Gəzdiyim obalar, oymaqlar gəlir.

 

At belində “Boz yoxuş”dan aşanda,

Duman gəlib dolaylarda çaşanda,

Qaranlıq düşəndə, qurd ulaşanda,

Açdığım atəşlər, “Parax”lar gəlir.

 

“Əmir dərə”, “Nəzik dərə” qoşadı,

“Qara qaya”, “Ağ qaya” baş-başadı,

Çoban babam sizdə ömür yaşadı,

Ağ sürülər, güllü yaylaqlar gəlir.

 

Yaylağında köhlənləri yorduğum,

Sədasını küləklərdən sorduğum,

Dərgahında dəyələri qurduğum,

“Nəzik su”lar, “Korabulaq”lar gəlir.

 

Gözəl keçir dövranında hər fəsil,

Ağır ellər qonağındır ilbəil,

Motal pendir, yağ bulama, çil çəçil,

Süzmə qatıq, Kərə qaymaqlar gəlir.

 

Yurd yeridi “Eyvoğlu”nun dərəsi,

Həmşəriynən, Əhvər əmmin bərəsi,

Qaracanam, çoban İsa binəsi,

Köç Karvanlar, Atlı qonaqlar gəlir.

 

 

CALAL BABA

 

Borçalı mahalı, Kür üstü Kosalı kəndi, Babaxanlı

                        nəslimizin ağsaqqalı, 100 yaşında dünyasını dəyişən

                        Calal babama.

 

Babaxan nəslinin dağ dayağıydın,

Nə tez xəyal oldun, ay Calal baba.

Sən getdin, Ay batdı, Gün də saraldı,

Çökdü dünyamıza qəm, məlal, Baba.

 

Hər igid olanan bürc qalası var,

Hər eşqi-sevdanın bir butası var.

Yurdda qalanların öz dünyası var,

Daşıyır yükünü tək Bilal, Baba.

 

Ömrün gah günəşli, gah da dumanlı,

Həm yağl düşmənli, həm qohumcanlı.

Gah dərya kamallı, gah dəliqanlı,

Ağır El içində ağsaqqal Baba.

 

Nə kimsə ağlatdın, nə də ağladın,

Qeyrəti bərk tutub, arı saxladın,

Kişi tək ömrünü yüzə haqladın,

Yaratdın əbədi cəh-cəlal baba.

 

Dayazda durmadın getdin dərinə,

Nələr gəldi sənin səcdə- sərinə,

Yurdunda şam tutan nəvələrinə,

Eylədin əməyni sən halal baba.

 

Ocağın sönməyib közün var sənin,

Cismi- canın gedib, izin var sənin,

Qaracanam, məndə sözün var sənin,

Çəkərəm hər yanda bir misal baba.

 

 

ANA

Anam Töhvənin məzarı  başında 

 

Nə tez xəyal oldu, nağıla döndü

O aslan ürəkli ömrün, ay ana?!

Övlad qəhərindən, yurd həsrətindən

Möhnətə dözmədi səbrin, ay ana!

 

Yarandın səadət gətirmək üçün,

Yoxsa da ömrünü itirmək üçün?

Səni mənzilinə yetirmək üçün

Yollara çevrildi qəhrin, ay ana.

 

Qaracan tufana düşdü könlündə,

Sən nura qovuşdun qar ələnəndə.

Hər yaz Babəkərdə el dincələndə,

Gülə bürünəcək qəbrin, ay ana.

 

 

EYLƏMİŞƏM

 

                                   (zarafatyana)

 

Gəl incimə sözlərimdən, ay qağa,

Zarafat edirəm, ərk eyləmişəm.

“Xatasız qul olmaz, kərəmsiz ağa”,

Bəlkə mən tərsinə dərk eyləmişəm.

 

Ürəyimin üstədi bil sənin yerin,

Mənim kədərimdi, sənin kədərin,

Həmişə sağlığını istərəm sənin,

Baxma ki, şərabı  tərk eyləmişəm.

 

Qaracanam, xəyaldayam, uymuşam,

Kef əhliyəm, içməsəm də meyxoşam.

Get qabağa, arxanda mərd durmuşam,

Bəndi, bərələri bərk eyləmişəm.

 

OLMUŞAM

 

Ay beyinsaf,  bir  bax  mənim halıma,

Ayaqlar altında həsir olmuşam.

Qollarımda qandal, boynumda zəncir,

Bir qara qulunam, əsir olmuşam.

 

İçində zəhərlə dolu cəmim var,

Tufanda çağlayan dalğın gəmim var,

Nə atam, nə anam, nə də əmim var,

Bir səqir yetiməm, yesir olmuşam.

 

Eşqinin oduna  odlanan canam,

Şərik olub dərdlərini qucanam,

Günahından keçən qul Qaracanam,

Niyə indi mən müqəssir olmuşam?

 

 

MÜBARƏK

                        Şəyirdim Şəhlaya

 

Ay Vətən balası, ay ellər qızı,

Sinəndə dil açan sazın mübarək!

Cavan ömrün bulud kimi çağlasın,

Baharın mübarək, yazın mübarək!

 

Arzun dastanlara, şerə qarışsın,

Cavanlığın xoş gününlə barışsın.

Bəxtin gülsün, nur ocağın alışsın,

Xoş kəlamın, şirin sözün mübarək!

 

Qaracanın bağçasında barısan,

Günəşdən nurlusan, aydan arısan.

Arzum budur istəyincə yarı sən,

Qədəmin mübarək, izin mübarək!

 

 

BORÇALI AŞIQ ƏMRAHA

 

Dədəmiz Qorqudun yadigarısan,

Var olsun barmaqlar, çal, Əmrah dayı!

Sənət dünyasının qibləgahısan,

Sizə səcdə qılır el, Əmrah dayı!

 

Dərya baba, çal, sevənlər yarısın,

Vəfalı dost nə qocalsın, qarısın,

Ahəngindən atəş alıb ərisin,

Qəlbimin başında xal, Əmrah dayı.

 

Sazın, sözün neçə dərdin dərmanı,

Qaytar yerinə qoy alınan canı.

Sənət meydanında qul Qaracanı,

Ustad qollarına al, Əmrah dayı!

 

 

 

 

DOSTUM

 

Sal qayadı, bürc qaladı qeyrətim,

Yenilməzdi, alınmazdı, a dostum!

Saf ürəyim, məhəbbətim, ülfətim

Nazilməzdi, üzülməzdi, a dostum!

 

Haqq yolunda qədəm basır ayağım,

Haqdan yanır bəxt evində çırağım,

Mənim dar günümdə arxa, dayağım